Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i

Qanunlar, Sərəncamlar, Fərmanlar
“Azərbaycan Respublikasında kitabxana‐informasiya sahəsinin 2008‐2013‐cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
3 Aprel , 2015

1. Ümumi Əsaslar


1.1. Mövcud vəziyyət 

Tarixi‐mədəni, ədəbi‐bədii və elmi‐fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildən‐nəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana‐informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi‐texniki bazasının möhkəmləndirilməsini zəruri edir və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindəndir. 
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsində müxtəlif formada 40 milyon nüsxəyə yaxın informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır. Son illər ərzində ölkədə kitabxana işinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ʺAzərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqındaʺ 2004‐cu il 12 yanvar tarixli 56 nömrəli və ʺ2005‐2006‐cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqındaʺ 2004‐cu il 27 dekabr tarixli 562 nomrəli sərəncamları ilə təsdiq edilmiş siyahı üzrə latın qrafikası ilə nəşr olunmuş kitablar ölkənin bütün kitabxanalarına hədiyyə edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş ʺAzərbaycan Respublikası regionlarının sosial‐iqtisadi inkişafı Dovlət Proqramı (2004‐2008‐ci illər)ʺ, ʺBakı şəhərinin qəsəbələrinin sosial‐iqtisadi inkişafının surətləndirilməsinə dair tədbirlər Proqramıʺ, ʺAzərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005‐2008‐ci illər üçun Dovlət Proqramı (Elektron Azərbaycan)ʺ, ʺAzərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005‐2007‐ci illər)ʺ kimi mühüm sənədlərdə kitabxana‐informasiya sahəsinin inkişafı və modernləşdirilməsi üzrə tədbirlərin həyata kecirilməsi də nəzərdə tutulmuşdur. 
Ötən əsrin 90‐cı illərinin əvvəllərində ölkədə baş verən hadisələr kitabxanaların da fəaliyyətinə mənfi təsir göstərmiş, kitab nəşri və kitab təchizatı sistemi tamamilə iflic vəziyyətinə düşmüş, onların maddi‐texniki bazasının olduqca zəifləməsinə gətirib çıxarmışdır. Bütün bunlar kitabxana sahəsinin tənəzzülünə səbəb olmuşdur. Nəticədə kitabxanalar real və potensial oxucularını itirmiş, xeyli sayda kitabxanalar toplanılmış, əksəriyyəti oxucu tələbatını ödəyə bilməmiş, mövcud ştat vahidləri ixtisar edilmişdir. 1990‐cı ildə respublika üzrə kutləvi kitabxanaların kitab fondu 45,3 milyon, 2002‐ci ildə 36,9 milyon, 2003‐cu ildə 36,8 milyon nüsxəyə enmişdir. 2004‐cu ildə isə bu göstərici 36,5 milyon nüsxə təşkil etmişdir. Bunun əsas səbəbi Ermənistan silahlı qüvvələri tərəfindən respublika ərazisinin 20 faizinin işğal olunması nəticəsində 9 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, 927 kitabxananın tamamilə məhv edilməsi, kitabxanaların yeni nəşrləri almaq üçün vəsaitlə təmin edilməməsi, habelə kitabxana fondlarından məzmunca əhəmiyyətini itirmiş və mənəvi cəhətdən köhnəlmiş kitabların çıxarılması olmuşdur. 
Azərbaycan Respublikasında 12 mindən çox müxtəlif tipli kitabxananın daxil olduğu geniş kitabxana‐informasiya şəbəkəsi mövcuddur. Bu şəbəkəyə yalnız kütləvi kitabxanalar deyil, həm də elmi‐texniki, uşaq, gənclər, musiqi məktəblərinin, muzey və digər mədəniyyət və təhsil müəssisələrinin, eləcə də müxtəlif təşkilatların tabeliyində olan kitabxanalar, o cümlədən 6 respublika əhəmiyyətli kitabxana, Bakı şəhərində 84 kitabxana və filialı, 72 şəhər və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) daxildir. Azərbaycanın erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərində 927 kitabxana və kitabxana filialını özündə birləşdirən 9 rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 4 milyondan artıq kitab fondu məhv edilmişdir. 
Azərbaycanşünaslığa dair qiymətli əsərlərin böyük hissəsi XIX əsrin əvvəllərindən Rusiyanın Moskva, Sankt‐Peterburq, Kazan və digər şəhərlərinin kitabxanalarına aparılmışdır. Həmin əsərlərin əslinin, yaxud surətlərinin Azərbaycan kitabxanalarına qaytarılması zəruridir. 
Respublikada ən mühüm sənəd və digər çap əsərlərinin sığorta fondunun yaradılmasına ehtiyac vardır. Belə fondlar sözügedən çap məhsullarının müxtəlif dövrlərdə sosial və təbii təsirlər nəticəsində tamamilə məhv olmasının qarşısının alınmasına, millətin tarixi yaddaşının qorunub saxlanılmasına xidmət edir. 
Dünyanın qabaqcıl ölkələrində olduğu kimi (Fransada Pompidu, ABŞ‐da Kennedi, Vaşinqton və s.), Azərbaycanda yaradılacaq Heydər Əliyev Mərkəzinin nəzdində də Heydər Əliyev Milli Kitabxana‐informasiya Kompleksinin təşkili zəruridir. 
Azərbaycan Respublikasında kitabxana‐informasiya şəbəkəsinə daxil olan kitabxanaların 90 faizi müasir tələblərə cavab vermir. Bir necə kitabxana istisna olmaqla, kitabxanaların əksəriyyəti yararsız vəziyyətdədir. Kitabxanaların bir çoxu qəza vəziyyətində olan uyğunlaşdırılmış və yardımcı binalarda fəaliyyət gostərir. Respublikanın rayonlarında kənd kitabxana- filiallarının bir hissəsi şəxsi evlərdə yerləşir. Kənd və qəsəbə kitabxana- filiallarının 79,2 faizinin sahəsi darısqal olduğundan, oxu zalları təşkil etmək qeyri‐mümkündür. Bu səbəbdən əhalinin 66,8 faizi kitabxanalardan istifadə edə bilmir. Mingəçevir, Şəki, Naftalan, Sumqayıt, Yevlax, Şirvan şəhər, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Qazax, Qobustan, Zaqatala, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Samux, Xaçmaz, Cəlilabad, Ucar, Kurdəmir və digər rayon kitabxanalarının müxtəlif sahələrə aid yeni nəşrlərlə təminatına, fondlarının mühafizəsinə, binalarının əsaslı təmirinə, avadanlıqla təmin edilməsinə və kitabxana‐biblioqrafiya proseslərinin avtomatlaşdırılmasına ciddi ehtiyac vardır. 
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan cəmi 29 müəssisədə orta hesabla 1‐5 ədəd kompyuter vardır, 14 kitabxana (0,19%) İnternet xidmətindən istifadə edə bilir ki, bu təchizat da daimi və sürətli deyildir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan cəmi 4 kitabxanada (0,07%) kitabxana‐biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinə başlanılmışdır. Tabeliyindən asılı olmayaraq, digər kitabxanalarda da (səhiyyə, təhsil, həmkarlar və s.) informasiya təminatı aşağı səviyyədədir. 
Kitabxana‐informasiya sahəsində həll olunmamış əsas problemlərdən biri də kitabxana fondlarının muhafizəsi və bərpası məsələsidir. Respublikada kitab fondlarının bərpa mərkəzləri yaradılmadığından, xüsusi əhəmiyyətli nəşrlər sıradan çıxır və mövcud fondlarda qoruna bilmir. Latın qrafikası ilə buraxılan yeni nəşrlərin elektron daşıyıcılara köçürülməsi vacib və təxirəsalınmaz məsələlərdəndir. Fondlarda saxlanılan nadir kitabların rəqəmli daşıyıcılara köçürülməməsi səbəbindən sözügedən kitablar alim və tədqiqatçılar, geniş oxucu kutləsi tərəfindən az istifadə edilir, digər tərəfdən isə qiymətli nəşr nümunələrinin və nadir kitabların saxlanılma şəraiti müvafiq normalara uyğun gəlmədiyindən, onlar təhlükə altındadır. Belə kitablar M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, Milli Arxiv İdarəsinin kitabxanalarında və digər kitabxanalarda saxlanılır. 
Kitabxanaların beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti müasir tələblərə cavab vermir, ölkədə milli biblioqrafiyanın, milli formatın, elektron kitabxananın, toplu kataloqun, koporativ kitabxana şəbəkələrinin olmaması dünya informasiya məkanında layiqli təmsil edilməyə imkan vermir. 
Bu gün elektron kataloqlar Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin ʺPrezident Kitabxanasıʺ, M.F. Axundov adına Azərbaycan Milli Kitabxana, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mərkəzi Aparatının kitabxanası, Azərbaycan Dillər Universitetinin kitabxanası, ʺXəzərʺ Universitetinin Elmi kitabxanası, Qərb Universitetinin kitabxanası, F. Koçərli adına Respublika Uşaq Kitabxanası, Şamaxı rayon və Gəncə şəhər mərkəzi kitabxanaları istisna olunmaqla, digər kitabxanalarda yoxdur. 
Kitabxana fondlarının tələbata uyğun, sistemli və məqsədli komplektləşdirilməməsi daim yeniləşən informasiya axınında oxucu kontingentinin itirilməsinə, bütövlükdə əhalinin mütaliəyə marağının azalmasına səbəb olur. Respublikanın ən böyük kitabxanalarında belə kitabsaxlayıcıların vəziyyəti (istilik, siqnalizasiya, ventilyasiya və s. kommunikasiyalar) mövcud normalara cavab vermir. 
Kitabxanaların maddi‐texniki bazasının zəifliyi, əksəriyyətinin binalarının yararsız və qəza vəziyyətində olması, xidmət və komplektləşdirmə işinin lazımi səviyyədə olmaması, kadrların peşə hazırlığının aşağı olması, kitabxana işinə dair ədəbiyyatın və dövri nəşrlərin kifayət qədər çap etdirilməməsi, beynəlxalq əlaqələrin zəifliyi bu sahənin inkişafına maneçilik törədən əsas amillərdir. Bütün bunlar ölkə əhalisinin informasiya təminatı sistemində ciddi problemlər yaradır. 
ʺAzərbaycan Respublikasında kitabxana‐informasiya sahəsinin 2008‐2013‐cu illərdə inkişafı üzrə Dovlət Proqramıʺ (bundan sonra ‐ dovlət Proqramı) Azərbaycan Respublikasında kitabxana‐informasiya sahəsində mövcud problemlərin sistemli həllinə yönəldilmişdir. 

1.2. Dövlət Proqramının məqsəd və vəzifələri 

Dövlət Proqramının əsas məqsədi ʺKitabxana işi haqqındaʺ Azərbaycan Respublikasının Qanununda, habelə digər müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq, kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə tarixi‐mədəni, ədəbi‐bədii, elmi‐fəlsəfi sərvətlərin toplanılmasını, mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Bundan başqa kitabxana‐informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana‐informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana‐informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, əhalinin intellektual potensialının və bilik səviyyəsinin inkişafı, habelə fasiləsiz təhsilin təmin edilməsi üçün şəraitin yaradılmasından ibarətdir. 
Bu məqsədə nail olmaq ucun aşağıdakı əsas vəzifələrin həyata keçirilməsi xususi əhəmiyyət kəsb edir: 
‐ informasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq standartlar, normativ hüquqi aktlar, milli informasiyalaşdırma siyasəti əsasında ölkədə fəaliyyət göstərən kitabxanaların modernləşdirilməsi; 
‐ köklü islahatların aparılması, kitabxana‐informasiya resurslarının dünya məkanına inteqrasiyasının təmin edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, idarələrarası koordinasiyanın təşkili; 
‐ ʺinformasiya cəmiyyətiʺ, ʺBiliklər cəmiyyətiʺ Azərbaycan modelinin qurulması prosesinə yardım gostərilməsi; 
‐ kitab nəşri, yayımı və fond komplektləşdirmə işini tənzimləyən, maraqlı tərəflərin mənafeyini ifadə edən ʺmüəllif‐nəşriyyat‐kitabxana‐oxucuʺ mexanizminin və infrastrukturunun təkmilləşdirilməsi; 
‐ elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, ʺAzərbaycan ədəbiyyatının virtual kitabxanasıʺnın oxucuların istifadəsinə verilməsi; 
‐ elektron kataloq və elektron kitabxanaların yaradılması işinin təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması; 
‐ komputerləşdirilmiş kitabxana infrastrukturunun qurulması, kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi; 
‐ kitabxana fondlarının zənginləşdirilməsi, onların mühafizəsi və təhlukəsizliyinin təmin edilməsi; 
‐ ʺAzərbaycanın kitab abidələriʺ dövlət reyestrinin hazırlanması, milli informasiya resurslarının elektron daşıyıcılara köçürülməsi; 
‐ əhalinin butun təbəqələrinə kitabxana‐informasiya xidməti səviyyəsinin yüksəldilməsi; 
‐ kitabxanaların kadr təminatının yaxşılaşdırılması, bu məqsədlə fasiləsiz peşə təhsilinin təşkili və əlavə təhsil sisteminin təkmilləşdirilməsi; 
‐ kitabxana‐informasiya işinin təkmilləşdirilməsi üçün müasir idarəetmə sisteminin tətbiqi; 
‐ maliyyələşmənin təkmilləşdirilməsi, sahə üzrə ayrılan vəsaitlərdən səmərəli istifadəni təmin edən yeni iqtisadi münasibətlər sisteminin tətbiqi; 
‐ kitabxana‐informasiya sahəsində idarəetmənin müasir iqtisadi münasibətlərə və sosial iqtisadi şəraitə uyğunlaşdırılması; 
‐ kitabxana‐informasiya sahəsinə ardıcıl olaraq müxtəlif mənbələrdən əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi, yeni xidmət növlərinin inkişafı, xüsusən də onların regionlarda təşkili, kitabxanalarda təsərrüfat fəaliyyətinin həyata keçirilməsi, büdcədənkənar gəlir və xərclərin bərpa olunması, onların həcminin artırılması, kitabxanaçıların əməyində stimullaşdırıcı tədbirlərin muəyyənləşdirilməsi; 
‐ Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası, Avropa Milli Kitabxanaları İttifaqı, ABŞ Kitabxana Assosiasiyası, Elektron Kitabxanalar İstifadəçilərinin Beynəlxalq Assosiasiyası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi; 
‐ kitabxana işi sahəsində elmi‐tədqiqat və elmi‐metodiki fəaliyyətin stimullaşdırılması, sahəyə aid ədəbiyyat nəşrinin genişləndirilməsi; 
‐ kitabxana binalarının təmiri, müasir tipli yeni kitabxana binalarının inşası; 
‐ respublika kitabxana‐informasiya şəbəkəsinin yeni dislokasiya xəritəsinin işlənilməsi və müasir tələblərə cavab verməyən kitabxanalarla bağlı müvafiq tədbirlərin görülməsi; 
‐ Azərbaycanda kitabxana‐informasiya şəbəkəsinin modernləşdirilməsini təmin edən layihələrin işlənilməsi üçün dövlət və donor təşkilatların cəlb edilməsi; 
‐ kitabxana‐informasiya sahəsində dövlət siyasətinin prioritet istiqamətləri üzrə elmi araşdırmaların genişləndirilməsi və müvafiq nəşrlərin hazırlanması; 
‐ kitabxanaların ictimai statusunun yüksəldilməsi, kitabxana‐informasiya sahəsinə dövlət qayğısının gücləndirilməsi, habelə müxtəlif ictimai qurumlar, beynəlxalq təşkilatlar tərəfindən bu sahəyə diqqətin artırılması. 

1.3. Dövlət Proqramının icrasının əsas istiqamətləri 

Dövlət Proqramında qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakı istiqamətlərdə işlərin aparılması nəzərdə tutulur: 
‐ kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi; 
‐ kitabxanaların komputer və informasiya‐proqram təminatı, respublika üzrə komputerləşdirilmiş kitabxana‐informasiya şəbəkəsinin yaradılması və inkişafı; 
‐ respublikanın milli‐mədəni irsinin və informasiya ehtiyatlarının qorunması və gələcək nəsillərə çatdırılması; 
‐ kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, onun forma və məzmunca yeniləşdirilməsi; 
‐ kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması və kadr islahatlarının həyata keçirilməsi; 
‐ kitabxana işi sahəsində elmi tədqiqatların aparılması, kitabların hazırlanması və nəşri; 
yeni kitabxana binalarının tikilməsi, onların, eləcə də fəaliyyət göstərən kitabxanaların maddi‐texniki bazasının müasir dövrün tələblərinə uyğun möhkəmləndirilməsi; 
‐ kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı, genişləndirilməsi və beynəlxalq tədbirlərin təşkili 


Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2015-ci ilin avqust ayında Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illiyi tamam olur. 

Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbi fikrin inkişafına dəyərli töhfələr bəxş etmiş xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar 2015-ci il.

 
 

General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2015-ci ilin aprel ayında Azərbaycanın görkəmli hərbi xadimi, tanınmış hərbçi alim, general-leytenant Əlağa İsmayıl ağa oğlu Şıxlinskinin anadan olmasının 150 illiyi tamam olur. 

XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Əlağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan general-leytenant Əlağa Şıxlinskinin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim, general-leytenant Əlağa İsmayıl ağa oğlu Şıxlinskinin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2014-cü il.

 

2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir.

Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə və torpaqların münbitliyinin qorunmasına şərait yaradır.

Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad edilmişlər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə qərara alıram:
1. 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilsin.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə birlikdə 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 yanvar 2015-ci il.


Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  2015-ci il mart ayında Azərbaycan balet məktəbinin yaradıcılarından biri , Azərbaycanın ilk qadın balet ustası, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Hacıağa  qızı  Almaszadənin anadan olmasının 100 illiyi tamam olur.
 
 Milli rəqslərin mahir ifaçısı, görkəmli balerina  Qəmər xanım Almaszadə klassik  xoreoqrafiya ənənələrlə xalq rəqslərinin vəhdətində Azərbaycan xoreoqrafiya sənətinin nəaliyyətinə çevrilən təkrarolunmaz obrazlar yaratmışdır. Azəbaycan Dövlət Akademik və Balet Teatrının səhnəsində bir çox əsərlərə yüksək məharətlə quruluş vermiş sənətkarın milli kadrların hazırlanması sahəsində fəaliyyəti də təqdirə layiqdir.
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq , Azərbaycanda xoreoqrafiya sənətinin inkişafı və təbliğində mühüm xidmətləri olan SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
 
  1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi SSRİ xalq artisti  Qəmər Almaszadənin 100 illik yubilüyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
  2. Azərbaycan Respublikası Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 04 fevral 2015-ci il.