Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i

Metodiki vəsaitlər
28 May-Respublika Günü ilə əlaqədar“Çiçəklənən Azərbaycan” başlığı altında - Metodiki vəsait
1 May , 2015

96 il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə-müsəlman aləmində ilk dəfə olaraq Demokratik Respublikanın yaranması dünya miqyasında tarixi bir hadisə idi. Həmin gün Azərbaycan tarixinə ən şanlı səhifələrdən biri kimi əbədi həkk olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində mürəkkəb tarixi- geosiyası vəziyyətdə gərgin, lakin səmərəli fəaliyyət göstərmişdir.
Azərbaycan milli dövlətçiliyinin təməli o illərdə qoyulmuş, bugünkü müstəqil dövlətçiliyimizin ideoloji əsasları yaranmışdır. Qısa müddətdə Cümhuriyyət höküməti tərəfindən atılmış addımlar- demokratik parlamentin yaradılması, erməni təcavüzünü dəf etmək üçün milli ordunun,təhlükəsizlik orqanlarının təsis edilmesi, ilk müasir tipli universitetin açılması,qadınlara kişilərlə bərabər hüquqların verilməsi və bir çox digər mütərəqqi yeniliklər o dövrdə region və dünya dövlətləri üçün nümunəvi əhəmiyyət kəsb etmişdir.
Azərbaycanda Demokratik Respublikasının yaranması böyük və tarixi hadisə idi. Çünki Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə, azadlığa qovuşurdu. Azərbaycan xalqının artıq öz dövləti var idi. Qısa müddət ərzində bütün dövlət qurumları,dövlət təsisatları yaradılmışdır.
Demokratik inkişaf gedirdi, qadınlara səsvermə hüququ verilmişdir. Milli ordu yaradılmışdır. Bir sözlə, Respublikanın qurucuları böyük işlər görmüşdülər və Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır. “İstiqlal Bəyannaməsi”ni imzalayanların şərəfinə Bakının mərkəzində abidə ucaldılmlışdır.
Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində ADR-ə rəhbərlik etmiş şəxslərin-Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbiçilərin adları xalqımızın yaddaşına əbədi köçmüşdür. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk Respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Ancaq müəyyən səbəblər üzündən iki ildən sonra Respublika süqut etmişdir və Azərbaycan müstəqillikdən məhrum olunmuşdur. Ondan sonra sovet dövrü başlamışdır.
1920–ci ilin aprelində bolşevik işğalı nəticəsində Cümhuriyyətin süqutundan sonra da müstəqillik hissləri azərbaycanlıları heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi.
XX əsrin 80-ci illərinin sonu-90 cı illərin əvvəlində Azərbaycanda başlanmış milli- azadlıq hərəkatı bolşevik rejiminin iflasını yaxınlaşdırdı. 
Xalqın təkidi və tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası müstəqilliyini bərpa etmiş dövləti Azərbaycan Respublikası adlandırdı. 
AXC-nin üçrəngli, ay-ulduzlu bayrağı bu Respublikanın da dövlət bayrağı kimi təsdiq olundu. Həmin il mayın 21-də verilmiş xüsusi fərmanla 28 May Respublika Günü elan edildi.
Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı yenidən milli dövlət quruculuğu yoluna qədəm qoydu. Lakin hakimiyyətdə olan səriştəsiz rəhbərlərin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə hökm sürən anarxiya, özbaşınalıq və total böhran faktiki olaraq Azərbaycanı parçalamağa sürükləyirdi.
1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra ölkədə vəziyyət sabitləşdi.
Azərbaycan dövlətçiliyinin əsasları quruldu. Təməli ümummilli lider Heydər Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən siyasi-iqtisadi islahatlar kursu Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində uğurla addımlar atmasını təmin edir. 
Xarici sərmayədarların Azərbaycana cəlb edilməsi, dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin sabit iqtisadi inkişafına güclü təkan vermişdir. Regional və qlobal əhəmiyyət daşıyan “Azəri- Çıraq –Günəşli”, ”Şahdəniz” layihələri, Bakı-Tiblisi-Ceyhan əsas ixrac neft, Cənubi Qafqaz qaz boru kəmərlərinin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan Respublikası dünya enerji sistemində özünə layiqli yer tutmuş, dövlətimizin müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün əlverişli zəmin yaranmışdır.
Bu gün ölkəmizin sabit siyasi,iqtisadi inkişafı onu dünya miqyasında etibarlı tərəfdaş kimi tanıtmış, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib iştirakçılardan birinə çevirmişdir.
Müstəqil Azərbaycan Respublikası bu gün Ulu Öndərin qoyduğu yolla inamla irəliləməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz hərtərəfli inkişaf edir. Azərbaycan artıq neçə ildir ki, iqtisadi inkişaf sürətinə görə dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Beynəlxalq birlik tərəfindən haqlı olaraq Cənubi Qafqazın lider dövləti kimi qəbul olunan Azərbaycanın ötən il rəqabət qabiliyyətinə görə MDB məkanında birinci yeri tutması uğurlu nəticədir. Azərbaycan Respublikası öz tarixinə, milli irsinə bağlı olan müasir,dünyəvi bir dövlətdir.
1991-ci ildə sovet imperyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. 
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial –iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. AXC Avropanın Demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Tariximizə şanlı səhifə kimi düşən Xalq Cümhuriyyəti bugünkü müstəqil Azərbaycan Respublikası üçün tarixi bir təməl oldu. Bugünkü Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Şərqdə ilk Demokratik dövlətin təcrübəsi bu baxımdan bizim üçün tükənməz bir örnəkdir. Xalqımız bunu yaxşı bilir və hər il mayın 28-ni böyük sevinc və qürur hissi ilə bayram edir. 28 May dövlətçiliyimizin bayramıdır, xalqımızı müstəqilliyə qovuşduran gündür. Bu günün,sabahın qayğıları ilə yaşayan hər bir xalq dünəni ilə fəxr edir, keçmişini də yaşadır.
Xalqımız öz tarixi, mədəni və mənəvi keçmişinə, adət və ənənələrinə sadiqliyini qoruyub saxlamaqla bərabər müasir dünyanın universal dəyərlərini uğurla mənimsəyir,dövrün çağırışlarına vaxtında cavb verir.
Yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər H.Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələri əsas götürələrək müstəqil Azərbaycan indiki mərhələyə gəlib çatıb.
Bu gün prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüququ, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Hazırda ölkəmizdə siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Biz bu gün də AXC-nin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik.
Xalq Cümhurriyyətinin qurucuları tariximizə öz adlarını, əməllərini həkk etdilər və bu gün onların xatirəsi xalqımızın yaddaşında yaşayır.
Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyini əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
Biz bu gün Azərbaycanın dövlət müstəqilliyini bayram edərkən Respublikamızın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi uğrunda döyüşmüş, şəhid olmuş insanları həmişə yad etməliyik. Çünki 1994 –cü ilin may ayında atəşkəs elan edilənə qədər Azərbaycanın qəhrəman, cəsur övladları torpaqlarımızı, vətənimizi qorumaq yolunda döyüşmüş, qan tökmüş, həlak olmuş, şəhid olmuşlar.
Bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı 23 ildir ki, müstəqil yaşayır, öz dövlət müstəqilliyini yaşadır və əbədi yaşadacaqdır. 

İstifadə olunan ədəbiyyatlar:

1.Hacıyev, H. Şərqdə ən demokratik respublika /Respublika-2005-28 may-S.6
2.Qocayev, Ə.28 May Respublika Günü
3.Bayramlar və tarixi günlər-B: Altun Kitab, 2006-S.26-30