Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Azərbaycanın Milli Qəhrəmanları
14 Aprel , 2015

Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur. 1969-cu ildə kənd məktəbini bitirmiş, ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1971-1976-ci illərdə Bakı elektrik maşınqayırma zavodunda tokar işləmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır.

Ermənistan millətçilərinin hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan -qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdır. Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur (1989-1990).

1991-ci il fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülmüşdür. 1991-ci il 19 noyabrda Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında Azərbaycanın yüksək rütbəli dövlət nümayəndələrini aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması ilə şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.  Ailəli idi, iki övladı var.Həyat yoldaşı Elmira xanım 45 yaşında vəfat edib. Oğlu Sudeib atasının adına Gürcüstanda məbəd tikdirib.

Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhər Nərimanov rayonundakı 202 saylı orta məktəb Alı Mustafayevin adını daşıyır.