Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Azərbaycanın Milli Qəhrəmanları
29 May , 2015

Maşallah Abdullayev 27 may 1950-ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Valideynləri Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Səkkizinci sinifə qədər Goranboy şəhər 1 saylı orta məktəbdə təhsil almışdır. 1965-ci ildə Goranboy Subartezian Quyularının İstismarı İdarəsinə işə düzəlmişdir. 1969-1971-ci illərdə hərbi xidmətdə olmuşdur. Bir müddət Azneft birliyinin Neft Daşlarında işləmişdir. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuşdur. Buranı bitirdikdən sonra təyinatla Goranboya, vaxtilə təhsil aldığı şəhər 1 saylı orta məktəbdə işləməyə göndərilmişdir.

Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak etmişdir. Ağcakənd də daxil olmaqla neçə-neçə kəndin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olmuşdur.

Maşallah Abdullayev Respublika Ali Sovetinə deputat seçilmişdir. 1992-ci ildə M.Abdullayevə daha bir çətin və məsuliyyətli vəzifə etibar edildi. O, Respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olundu. Həmin briqada Tərtər, Goranboy və Yevlax ərazilərinə nəzarət edirdi. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində bu briqadanın əvəzsiz rolu olmuşdur. Mayor rütbəsinə yüksələn Maşallah Abdullayev 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Hazırda şəxsi təsərrüfatı ilə məşğuldur. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon şurasının sədridir. İgidliyə görə general M.Əsədov adına mükafata layiq görülmüşdür.

Ailəlidir. Bir övladı var. Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarxili 6 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür."General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür.