Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Azərbaycan mənim Vətənimdir
17 İyun , 2015

Azərbaycan-Avropa ilə Asiyanın ayrıcında uyuyan gözəl təbii şəraitə-mülayim iqlimə, zəngin sərvətə malik bir ölkədir. Dünyada on bir mövcud iqlim şəraitinin doqquzunun Azərbaycanda olması, bu torpağın bərəkətini artırıb, şöhrətini ucaldıb. Bu ərazi bəşər mədəniyyətinin ilkin məskənlərindən biri kimi məşhurdur. Hələ milyon yarım il bundan əvvəl burada insanın əmələ gəlməsi, güzəran keçirməsi—yaşayıb yaratması üçün hər cür münasib şərait olub.
Ulu təbiət Azərbaycanı özünə doğma sayıb, ona qarşı böyük əliaçıqlıq göstərib, var- yoxunu ondan əsirgəməyib. Çünki bu torpağın qoynunda təbiətin tükənməyən hərarəti, ürəyinin odu- alovu var. Təbiət əsrarəngsiz görkəmini bu torpaga bəxş edib, əfsanəvi gözəlliyinin çoxunu bu yerlərə yaraşdırıb. 
Günəş öz zərrin şəfəqlərini hər yerdən tez, hər yerdən çox bu müqəddəsliyə bol-bol səpələyir. O, torpğımızın üstündə daha yanar, daha şəfqətli görünür. Şəffaflıgı, hərarəti, istisi artır, odumuzu- atəşimizi daha da gücləndirir.
Azərbaycan! Azərbaycan!
Qafqazın bu dilbər guşəsində yaşayan azərbaycanlılar bu qədim ərazi üzərində bərqərar olmuş özünün yüksek təsərrüfat, maddi və mənəvi mədəniyyətini yaradaraq dünyanın ən qədim və mədəni xalqları kimi tanınmışdır. 
Azərbaycan xalqı da bütün bəşərin tarixi gəlişmə yolu keçib. Azərbaycan ərazisində tapılmış çoxlu arxeoloji qalıqlar bunu təsdiqləyir. Azərbaycan torpağı lap qədimdən məşəllənib, sinəsindən od parlayıb, od- alov qığılcımları saçıb. Bu od torpağımızın xoş məramlı elçisi olub. Qədim əhali bu işığa, bu oda pənah gətirib, bu əzəmətli və sehirli görünən qübbəyə sitayiş edib, adlarını oddan alıblar. Od xalqımızı mədəniyyətə qovuşdurub,onların arzusuna, əməlinə çevrilib. Odlar diyarının adı sanı ürəklərdə şölənənib, məşələ çevrilib. Hüdudlarından çox-çox kənarda onu odlar yurdu deyə çağırıblar. Müqəddəslikdə alışandan sönməz olublar. Bu yurdun odu ilə, atəşi ilə alışıb yanan, yanıb əbədiyyətə qovuşan neçə-neçə qəhrəmanı—Cavanşiri, Koroğlusu, Mehdisi, Həzisi var. Dünya mədəniyyətinə ölməz dühalar bəxş edən xalqımız tarixdə, həm də şeirli, musiqili xalq kimi tanınır. Onu dünya xalqları sazlı-sözlü, min bir avazlı, Nizamili, Füzuli,Üzeyirli xalq kimi tanıyır və sevirlər. Azərbaycanın adı tarixdə ayrı-ayrı qaynaqlarda müxtəlif yazılışlara uğramışdır. “Azərbaycan” sözünün mənşəyi haqqında elmi ədəbiyyatda bir neçə mülahizə var. Bəziləri onu Makedoniyalı İsgəndər zamanının Midiya satrapı Atropatın adıyla bağlayır. İkinci qrupun fikrincə burada yanar qazların yerin üstünə qalxıb daim alovlanıb yanmasıyla bağlı Odlar yurdu adlandırılır. Başqa bir qrup isə bu sözü əski türk tayfası azların adı ilə bağlayır. Az-ər- bayqan- azların, az tayfasının yurdu anlamında. Daha doğrusu, bu, Zərdüştlük inancıyla bağlı olub “odu qoruyanlar” anlamına gələn sözdür. Azərbaycan Respublikası Asiyanın cənub-qərb regionunda, Cənubi Qafqazın şərqində yerləşir. Şimalda Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, cənubda isə İran və Türkiyı ilə həmsərhəddir. Şərqdən Azərbaycanın sahillərini qocaman Xəzərin suları yuyur, qərbdə isə Gürcüstanla və Ermənistanla qonşudur. Azərbaycan Respublikası Avropa və Rusiyadan Asiya ölkələrinə gedən yollar üzərində əlverişli coğrafi mövqeyə malikdir. Bu gün Azərbaycan Respublikasının tərkibinə Naxçıvan Muxtar Respublikası və Yuxarı (dağlıq) Qarabag bölgəsi daxildir. Təəssüf ki, Yuxarı (dağlıq) Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon : Agdam, Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın erməni separatçıları tərəfindən işğal olunmnşdur. Respublikada 66 rayon, 16 şəhər və 174 qəsəbə vardır. Azərbaycan Respublikasının ərazisi 86,6 min. kv. km təşkil edir, əhalisi 8 milyondan çoxdur. Azərbaycanın paytaxtı Bakı şəhəridir. O, Xəzər dənizinin sahillərində çox əlverişli iqtisadi coğrafi mövqeyə malikdir.. Bakı Abşeronun döyünən ürəyi, düşünən beynidir. Ona Böyük Bakı da deyilir. Azərbaycan Respublikasının paytaxtı, onun elm və mədəniyyət mərkəzi, Qafqazda ən mühüm nəqliyyat qovşağı, Xəzər dənizinin qərb sahilində qərar tutmuşdur.


Qız qalası
Möminə Xatun məqbərəsi, Qız qalası, Şirvanşahlar sarayı, Qobustanda qaya rəsmləri, əfsanəvi Neft daşları insanları valeh edir və heyran qoyur. Neft daşları Bakının tərkib hissəsi olmaqla paytaxtdan dənizlə 100 km. Aralıda yerləşir. 


Möminə Xatun türbəsi
Dünyada bənzəri olmayan yeganə açıq dənizdi ki, polad ada—Neft daşları ölkəmizin hüdudlarından çox—çox uzaqlarda məşhurdur. Azərbaycan ərazisinə, əhalisinin sayına görə, habelə iqtisadi gücünə görə Qafqazın ən böyük ölkəsidir. Azərbaycan Respublikasının təqribən yarısı dağlıqdır. Şimalda Böyük Qafqaz, cənubda Kiçik Qafqaz dağları və onların arasında Kür çökəkliyi, cənub-şərqdə Talış dağları uzanır. Ölkənin ərazisi faydalı qazıntılarla zəngindir. Azərbaycan Respublikası çoxsahəli sənayeyə və kənd təsərrufatına, geniş nəqliyyat şəbəkəsinə, inkişaf etmiş elmə, qədim və zəngin mədəniyyətə malikdir. Ağır sənaye sahələri üstünlük təşkil edir. Neft və qazçıxarma, neft-kimya, maşınqayırma, metallurgiya, yeyinti, tikinti materialları sənayesi, yüngül sənaye və s. inkişaf etmişdir. Kənd təsərrüfatı, əsasən pambıqçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, meyvəçilik üzrə ixtisaslaşmışdır. Yük və sərnişin daşınmasında dəmir yolu, avtomobil, dəniz və hava yolları nəqliyyatı əsas yer tutur. Azərbaycan Respublikası BMT-nin (1992), Avropa Şurasının (2001), MDB-nin (1991) və ATƏT-in (1992) üzvüdür. Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası idarəetmə formasına malik olan ölkədir. Dövləti 5 il müddətinə seçilən prezident idarə edir və o, ümumxalq səsverməsi yolu ilə seçilir. Ölkədə ali qanunveriçi orqan Milli Məclisdir. 250-dən çox gölü və su anbarları, zəngin torpaq- bitki örtüyü və heyvanlar aləmi var. Qafqazın cənub- şərqində geniş ərazini əhatə edən Azərbaycan əlverişli təbii- coğrafi və iqtisadi- strateji məkanda yerləşmişdir. Ona görə də burada maddi mədəniyyətin təşəkkül tapması, inkişafı və yayılması üçün hər cür imkan və mövcud şərait olmuşdur. Ümummilli liderimiz H. Əliyevin müdrik bir kəlamını xatırlatmaq yerinə düşər: “Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri, Kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə və Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur.”


Qobustan qaya rəsmləri
Dörd min illik tarixi olan Azərbaycan qədim ölkədir. Azərbaycanın Kür-Araz çaylarını arasında yerləşən vaxtilə Aran adlanan hissəsi,coğrafi mövqeyi və qədim mədəniyyəti etibarilə çox zəngin və diqqətəlayiq olmuşdur .Qədim mədəniyyətə malik xalqımız dünya şöhrəti qazanmış məşhur sənətkarlar yetişdirdiyi kimi, elmin bütün sahələri üzrə görkəmli nailiyyətlər əldə etmiş alimlər də yetişdirmişdir. Astronomiya, fəlsəfə, tarix, ədəbiyyat, incəsənət və başqa sahələrdə elmin inkişafına təkan vermiş ensiklopedik biliyə malik olan alimlərimizlə bərabər, coğrafiya elminin inkişafında görkəmli rol oynamış coğrafiyaşünas alim və səyyahlarımız da az deyildir. Yurdumuz dünyanın ən qədim istehsal və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Xam ipəyimiz, zərgərlik məmulatı, toxuculuq məhsulları, bir sözlə, mahir sənətkarlarımızın əllərindən çıxmış məşhur xalçalarımız, cürbəcür nadir məhsullar Azərbaycanın şöhrətini dünyanın hər yerinə yaymışdı. Orta əsrlərdə şərq ölkələri ilə Avropa arasında ticarət əlaqələri başlıca olaraq Qara dəniz və Aralıq dənizi sahillərindəki ticarət mərkəzləri vasitəsilə həyata keçirilirdi. Asiyanın içərilərindən, Uzaq Çindən və Hindistandan Qara dəniz və Aralıq dənizi sahillərinə gələn karvan yollarının “Böyük İpək yolu”məhz Azərbaycan ərazisindən keçib gedirdi. Bu isə Azərbaycanı çox erkən Dünya meydanına çıxardığı kimi,dünya xalqlarının diqqətini də bu diyara yönəltmişdi. Azərbaycan bütün dünyaya səpələnmiş övladlarının ümumi evi- həmişə yanan, işıq saçan sönməz ocağıdır. Azərbaycan öz işığını-neftini dünyadan əsirgəməyən insanlıq beşiyidir. Qədim tarixi köklərinə, zəngin elmi-mədəni sərvətlərinə görə bəşəriyyətə örnək olacaq bir məkandır- Azərbaycan. Azərbaycan övladı heç kəsin torpağında, çörəyində, sərvətində gözü olmayan insandır- humanist bəşər övladıdır. Prezident H. Əliyevin yeritdiyi siyasət –bütün maraqlı ölkələrlə dinc yanaşı yaşamaq, daxildə sabitlik siyasəti- ölkənin dağılmış iqtisadiyyatını hərtərəfli dirçəliş yoluna çıxarmaqdır. Azərbaycan bu siyasətin sayəsində Sovet dövründəki formal respublikalıqdan, müstəqil, müasir dövlətçilik yoluna çıxmaqdadır. Hal-hazırda müasir müstəqil Azərbaycanın paytaxtı Bakı şəhəri inkişafın yeni mərhələsini yaşayır. Bütün ölkənin iqtisadi, sosial, mədəni inkişafını təmin edən islahatlar paytaxt Bakının da simasını sürətlə dəyişmişdir. Biri digərindən gözəl hündür binalar, abad yollar, möhtəşəm körpülər, insana rahatlıq və zövq bəxş edən parklar, müasir universitet kampusları, yeni yaşayış komplekşləri, biznes mərkəzləri, dünyanın məşhur mehmanxana brendləri Azərbaycanın baş şəhəri Bakını meqapolisə çevirmişdir.Müasir Bakının yeni rəmzləri-“ Alov gülləri”, Dövlət Bayrağı Meydanı, “Grustal Hall”, Heydər Əliyev Mərkəzi və digər memarliq inciləri cəmi bir neçə il ərzində yaradılmışdır. Bu heyrətamiz dəyişikliklər panoramında Bakının Şərq ilə Qərb sivilizasiyasını təcəssüm etdirən bənzərsiz memarlıq ənənələri qorunub saxlanılmışdır. Bu harmoniyanı hiss etmək üçün Qoşa Qala qapılarından keçib İçərişəhərə daxil olmaq kifayətdir. Köhnə şəhərdə gəzərkən sanki orta əsrlərə qayıdırsan. Lakin yolu keçib sahilyanı prospektə çıxan kimi müasir şəhərə düşürsən. Bakını sevdirən, onun cazibədarlıgını artıran da elə bu amillərdir. Ümummilli lider H. Əliyev çox gözəl söyləmişdir: Azərbaycan dünyaya günəş kimi doğacaq. Həqiqətən də Azərbaycan günü-gündən gözəlləşir. Azərbaycan onu sevənlərindir. Yaşasın, ucalsın, var olsun müstəqil Azərbaycan!