Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Bakı 2015 Avropa Oyunları
29 İyun , 2015

İyunun 28-də İlk Avropa Oyularının bağlanış mərasimi keçirilib, Bakı Olimpiya Stadionunda keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, "Bakı-2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və bir çox ölkələrin hökumət nümyəndələri iştirak ediblər.
Tanınmış şoumen Murad Dadaşov və telaparıcı Hüsniyyə Məhərrəmova stadiona yığışmış və televiziya vasitəsilə mərasimi izləyən milyonlarla insanı salamlayıblar. 
Rəqs qrupları gözəl nömrələrlə ilə çıxış ediblər. Müğənni Tünzalə Ağayeva "Bakı-2015"ə həsr olunmuş mahnı səsləndirib.
Şeypurun sədaları Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini salamlayıb.
Bütün qədim məkanları Bakıyadək diyar-diyar dolaşan xalça ilmələri stadionun ekranlarında canlanıb. Geriyə sayım sıfıra çatdığı an xor dövlət himnini yeni simfonik aranjemanda ifa edib və Azərbaycanın Dövlət Bayrağı yüksəlib.
Mərasimin növbəti hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerji və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edib. Bu epizod 500-dən çox rəqqasənin ifası və heyranedici səhnə effektləri ilə səciyyələnib.
İlk Avropa Oyunlarında iştirak edən dövlətlərin bayraqları arenaya gətirilib. Stadionun ekranlarında nümayiş olunan qısa film öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə “Bakı-2015” I Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12 500 alovqoruyan könüllüyə minnətdarlığı ifadə edib. Bunun ardınca 50 uşaq “Çal-oyna” xalq mahnısını xorla oxuyub. Bu, 17 gün ərzində yarışan 50 dövlətin təmsilçisi olan 6000 atlet üçün bayram havası olub. Sonra idmançıların paradı başlayıb.
Azərbaycanın birinci xanımı, “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edərək ilk Avropa Oyunlarının uğurla başa çatması münasibətilə hər kəsi təbrik edib. O, bütün ölkələrə xoşbəxtlik və əminamanlıq arzulayıb. Azərbaycanın birinci xanımı ilk Avropa Oyunlarının keçirildiyi 17 gün ərzində hər kəsin dostluğun şahidi olduğunu qeyd edib. O, "Bakı-2015" I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində əməyi olan Təşilat Komitəsinin rəhbərliyinə, bütün işçilərə və könüllülərə minnətdarlıq bildirib. “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Azərbaycana gələn qonaqları gələcəkdə ölkəmizdə keçiriləcək möhtəşəm tədbirlərdə də görməyə şad olacağını vurğulayıb.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirib ki, Azərbaycanda 17 günlük idman bayramı möhtəşəm şəkildə keçirilib: "Nəhayət ki, ilk Avropa Oyunlarının bağlanış mərasimindəyik. Azərbaycan Avropaya səmimi və qonaqpərvər ev sahibiyi etdi. Burada dünyanın ən gözəl arenaları inşa olunub. İlk Avropa Oyunlarında könüllülərin işi çox gözəl təşkil olunub. Nümayiş etdirdiyiniz yekdilliyə görə hamınıza minnətdaram. Azərbaycan bizə möhtəşəm idman bayramı hədiyyə etdi. İlk Avropa Oyunları bütün Avropanın əsaslanacağı Oyunlar oldu. Avropadakı bütün dostlarımıza tam əminlikə deyə bilərik ki, Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunları Avropa atletləri üçün parlaq meydandır. İlk Avropa Oyunlarını qapalı elan edirəm. Çox sağol, Bakı, çox sağol, Azərbaycan!".
500-dən artıq ifaçı hop-hop rəqqasları və havada heyrətamiz şou göstərən akrobatlar möhtəşəm çıxışları ilə hər kəsin zövqünü oxşayıblar. 17 gün ərzində keçirilən I Avropa Oyunlarının əsas məqamları stadionun ekranlarında nümayiş etdirilib.
Elnur Mikayılov kasanın işığı altında kamançanı “dilləndirib” və Lamiyə Kərimova ifası ilə onu yanına çağırıb. Qum rəssamı sehrli simurq quşu əfsanəsindən olan obrazları yaradıb və onlar sanki möcüzəli şəkildə səhnədə canlanıblar. Azərbaycanın xalq mahnısı "Sarı gəlin" musiqisi səsləndirilib. Dünyada tanınmış DJ Qaret Emeri, "Brit mükafatı" nominasiyasına layiq görülmüş "Clean Bandit" qrupu və soul-pop musiqisinin şöhrət qazanmış adlarından biri olan Con Nyuman çıxış edib.
Daha sonra ilk Avropa Oyunlarının alovu söndürülüb. Alovun söndürüldüyü an 17 günün kulminasiya nöqtəsi olub. Kasanın alovu yavaş-yavaş sönüb. İdmançılar, rəsmi şəxslər və könüllülər üçün İlk Avropa Oyunları sona çatıb. Möhtəşəm atəşfəşanlıq Bakı səmasını bəzəyib.
Qeyd edək ki, ilk Avropa Oyunlarının bağlanış mərasiminin bədii direktoru Ceyms Hedli, bədii rəhbərin köməkçisi və akrobat xoreoqraf Ketrin Arçambolt, yaradıcı rəhbər Libbi Hayland, quruluşçu xoreoqraf Kristofer Skot, quruluşçu rəssam Coş Zangen, kostyum üzrə rəssam Liz Vandal, musiqi rəhbəri Kristian Ştaynhauzer, işıq rəssamı Robert A. Dikinson, kollektiv rəqslər üzrə quruluşçu xoreoqraf Brayn Valters, pirotexnik Erik Taker, səs rejissoru Skot Villsallendir.