Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Mədəni irsimiz
17 Dekabr , 2015
Dekorativ - tətbiqi sənətə el arasında “xalq sənəti” də deyirlər. Bu sənətin xalçaçılıq, batik (kəlağayı), qobelen, dulusçuluq (keramika), toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma) və digər növləri vardır. 
 
Dekorativ -tətbiqi sənət, həmçinin bədii sənətin müxtəlif növlərini əhatə edir. Onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr və bir çox digərlərini göstərə bilərik.
 
Xalçaçılıq. Azərbaycan xalçaçılıq sənəti - bədii yaradıcılığın xalqın mənəvi həyatı və məişəti ilə sıx bağlı çoxəsrlik ənənələri olan ən maraqlı sənətdən biridir. Azərbaycanda Qarabağ, Qazax, Gəncə, Təbriz, Şirvan, Abşeron və Quba kimi böyük xalçaçılıq məktəbləri olub.
 
Batik – qədim sənət növü olub, kəlağayı mənasını verir. Kəlağayı - ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat” da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. 
Şəki və Basqal kəlağayıları sırasında “Şah buta”, “Saya buta” , “Xırda buta” çeşidlərindən daha çox istifadə olunub . “Heyratı”, “Soğanı”, “İstiotu “, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar böyük şöhrət qazanmışdı.
 
Qobelen - hiss və duyğuların sənətidir, düşüncə tərzidir. Qobelen dünyada geniş yayılmış, Azərbaycanda isə qədim xalq mədəniyyətinə aid süjetli xalça sənətidir. Qobelenin hazırlanma texnikasının əsasını öncədən çəkilmiş eskiz, fikir, ideya təşkil edir.
 
Toxuma və bədii tikmə. Bədii tikmə üçün yerli ipək və yun saplardan və yerli basmaqəliblərdən istifadə olunub. XIX - XX əsrin əvvəllərində bədii tikmələr üçün əsas rol oynayan material yerli istehsal olan qonovuz, darai və məxmər idi.
 
Boyama üçün bitki mənşəli boyayıcılardan istifadə olunur. Azərbaycan bədii tikmələrində ən çox işlədilən bitki motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə ağaclarının yarpaqları - nar, heyva, alça çiçəkləri, eləcə də sünbül və müxtəlif formalı yarpaqlardı. Bədii tikmələrdə əsasən quşların təsvirinə üstünlük verirlər. Bədii tikmə növündən ən geniş yayılmış forması piləktikmədir. 
 
Bədii şüşə - dekorativ əşyaların, vitrajların interyerdə öz əksini tapmasıdır. Təsviri sənətin qədim nümunələri arasında Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.
 
Bədii oyma: ağac, metal, daş, sümük üzərində oyma. Bədii oyma - dekorativ sənətin ən qədim və ən geniş yayılmış növlərindən biridi. Daş, ağac, sümük və başqa materiallar üzərində işlənir. Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan (Qobustan, Gəmiqaya və s.) daş üzərində oymaları bədii oyma sənətinin ilkin nümunələri kimi göstərmək olar.