Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Mədəni irsimiz
17 Dekabr , 2015

Tətbiqi sənət və onun bir qolu olan xalçaçılıq xalqımızın mıllı mədəniyyəti tarixində özünəməxsus yer tutur.

Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşəməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.

Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində) məşğul olmuşlar.

Azərbaycan xalçaçılığının inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdır. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün toxunan bu cür xalçalar “zərbaf” adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.      

 Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid “Hüdud əl-aləm” (“Dünyanın sərhədləri”) əsərində naməlum müəllif Muğanda toxunan palaz və çullardan, Naxçıvan zili toxunuşlu xalılardan məlumat verir, “Kitabi–Dədə-Qorqud” dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami və Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunur.

Azərbaycan xalçaçılıq məktəbləri. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:

1.    Quba

2.    Bakı, yaxud Abşeron

3.    Şirvan

4.    Gəncə

5.    Qazax

6.    Qarabağ

7.    Təbriz

Bakı məktəbi  Abşeronun kəndlərini – Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonunu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orjinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkli edir. Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir. Bu xalçaların əksəriyyəti toxunduğu  kəndin adını daşıyır. Bakı qrupuna “Xiləbuta”, “Xilə-əfşan”, “Novxanı”, “Suraxanı”, “Qala”, Bu məktəbdə 10 kompozisiya cəmlənib. Xalçaların üzərindəki tarixi mənbələr və yazılar ona dəlalət edir ki, bu kəndlərdə xalçaçılıq geniş inkişaf etmiş və xalça məmulatları ölkənin hüdudlarından kənara ixrac olunurdu. Xalçanın kompozisiyasında medalyonlara tez-tez rast gəlinir. Onlar müxtəlif motivlərlə, adətən həndəsi emaldan sonra ilkin obyekti ilə oxşarlığını itirmiş bitkilərin üslublaşdırılmış təsvirləriylə doldurulur.

Novxanı” xalçasının orta sahə kompozisiyası şaquli şəkildə bir-birinin ardınca yerləşən bir neçə geldən (medalyondan) ibarətdir. Fonundan və ya kompozisiyasından asılı olmayaraq medalyonlu xalçaları xalçatoxuyanlar və istənilən xalça ustası “Güllü” adlandırırlar. Novxanı xalçasının orta sahəsində üç böyük geldən başqa, künclü səkkiz balaca gel yerləşir. Balaca gellərin mərkəzində səkkizguşəli ulduz təsvir olunub. Böyük və kiçik gellər quş və başqa elementlərlə əhatə olunub, şaquli şəkildə bu qrupa xas olan “cıqqa-buta” sıralanması yerləşib (cıqqa-tac, qadın baş bəzəyi). Xalçanın orta sahəsi geniş haşiyə zolağını əmələ gətirən iki orta haşiyə, üç mədaxil və iki caqqayla əhatə olunub.