Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
İlin yubilyarları
17 Yanvar , 2016

Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada İbtidai məktəbi bitirmişdir. 1938-cı ildə ailəlikcə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyətinə burada toxuculuq karxanasında başlamışdır. Gənc yaşlarından demokratik hərakata qoşulmuşdur. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzeti redaksiyasında xüsusi müxbir işləmiş Mədinə Gülgün 1945-1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu bütün həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur.

Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə "Vətən Yolunda", "Azərbaycan" qəzetində çap etdirmişdir. Onun əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunmuşdur. Onun poeziyası ildən-ilə, kitabdan-kitaba zənginləşərək, əhatə dairəsi genişlənmişdir. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləmiş, kəsərli sözləri ilə onların səsinə səs vermişdir. Şairin Bakıda və Moskvada "Təbrizin baharı" (1950), Savalanın ətəklərində (1950); Sülhün səsi (1951); Yadigar üzük (1953); Təbriz qızı (1956); Firudin (poema) (1963); Dünyamızın sabahı (1974); Durnalar qayıdanda (1983); Dünya şirin dünyadır (1989) "Çinar olaydı", "Arzu bir ömürdür", "Yora bilməz yollar məni" (1978), "Könlümü ümidlər yaşadır" və onlarca diğər şeir kitabı dərc olunmuşdur. Bu kitabların başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir. Onun lirik şeirləri və mahnıları dillər əzbəridir.O, Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanları (1960, 1974, 1986), "Şərəf Nişanı" ordeni (1980), "21 Azər" (1946), "Əmək veteranı" (1948) və digər medallarla təltif olunmuşdur. Respublikanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.Mədinə Gülgün 1992-ci ildə fevralın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.