Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Mədəni irsimiz
23 May , 2016
. Hələ kağız olmdığı vaxtlarda qədim Misirdə kitablar papirus qabığı üzərində yazılırdı. Eramızdan əvvəl Atəşpərəstliyin dini kitabı olan “Avesta” on iki min inək dərisi, “Orxon-Yenisey” abidəsi olan Gül-Təkin kitabəsi isə daş üzərinə yazılmışdı.
 
Bütün dünyada, o cümlədən Azərbaycanda kitabxanaçılıq sənətinin inkişafı XI əsrə aid edilir. Bu dövrdən başlayaraq daha möhtəşəm əsərlər qələmə alınmış, onların qorunub-saxlanılması üçün kitabxanalar yaradılmışdı.
 
Bu dövrdə Azərbaycan kitabxanaçılığının inkişafında müstəsna rolu olan şəxslərdən biri Fəzlullah Rəşidəddin idi. O, Təbriz, Qazaniyyə və başqa şəhərlərdə kitabxanalar təsis etdirmişdi. Onun adı ilə adlandırılan, Təbrizin şimal-qərbində yerləşən Rəşidiyyə şəhərciyində iki kitabxana, eyni zamanda universitet kitabxanası fəaliyyət göstərirdi.
 
Azərbaycanda kitabxanaçılıq sahəsində əvəzsiz xidmətlər göstərmiş şəxslərdən biri də İbn Sinanın tələbəsi Bəhmənyardır. XI əsr Azərbaycan kitabının ən böyük yaradıcısı olan Bəhmənyar şəxsi kitabxanasında müasirlərinin və qədim dünyanın nadir kitablarını qoruyub saxlayırdı. Kitabxanada onun öz əsərləri də əsas yer tutmuşdur: “Təhsil kitabı”, “Məntiqə dair zinət kitabı”, “Gözəllik və səadət kitabı”, “Metafizika elminin mövzusu”, “Mövcudatın mərtəbələrinə dair traktat” Bəhmənyar qələminin məsuludur. 
 
“Təhsil kitabı” müəllifinə nəinki Azərbaycanda, hətta bütün dünyada böyük şöhrət qazandırmış, ərəb və fars dillərinə tərcümə olunmuşdu.
Azərbaycan kitabxanaçılığının inkişafında misilsiz xidmətləri olmuş şəxsiyyətlərdən biri də Xətib Təbrizidir. Onun da Təbrizdə zəngin şəxsi kitabxanası vardı. İlk Azərbaycan ədəbiyyat nəzəriyyəçisi kimi tanınan X.Təbrizi ərəb aləminin məşhur kitabşünası Ə.Müərrinin yanına gedərkən hədiyyə olaraq kitabxanasından bir neçə kitab da aparmışdı. 
 
Azərbaycan və dünya kitab nümunələrinin toplanılıb gələcək nəsillərə ötürülməsində xüsusui rolu olan məşhur alimlərdən biri də Nəsrəddin Tusidir. Tarixi mənbələrdə qeyd edilir ki, Tusi Ələmuq qalasında iyirmi ildən artıq həbsdə olarkən burada Həsən Səbbah tərəfindən yaradılmış “Seyyidəna” kitabxanasında müdir işləmişdi.
 
Müasir dövrdə kitabxana sistemi çox gözəl qurulmuşdur. Bu gün Azərbaycanda nə qədər mühüm əhəmiyyət daşıyan kitabxanalar var-M.F.Axundzadə adına Azərbaycan Mlli Kitabxanası, Prezident Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F. Köçərli adına Respublika Uşaq Kitabxanası və digər ixtisaslaşmış kitabxanalar fəaliyyət göstərir.

Düşüncələr xəzinəsi olan kitablar haqqında müdriklərimiz demişlər:
 
Kitab nəsillərin bir–birinə vəsiyyətidir.(A.Gertsen)
Kitab bilik mənbəyidir. (M.Qorki)
Kitab təfəkkürün övladıdır. (C.Svift) 
Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən–nəsillərə yetirən fikir gəmisidir.(F.Bekon)
Kitablar bizi ötən əsrlərin mənəvi həyatının varisi edir.(N.B.Vəzirov)
Axmaqlarla oturub–durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır.(Q.B.Zakir)
Kitabsız ömrün nə mənası var. (S.Vurğun).