Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Azərbaycan mənim Vətənimdir
23 May , 2016
Araz çayı Türkiyə, İran, Azərbaycan və Ermənistan ərazilərindən axaraq, öz mənbəyini Türkiyə ərazisindəki Ərzurum dağlarından götürür. Azərbaycanın Sabirabad rayonunun Suqovuşan kəndi ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür.
 
Araz çayının uzunluğu 1072 km,  hövzəsinin sahəsi 101,9 min kvadrat kilometrdir. Türkiyədən çaya Axura qolu qovuşandan sonra Araz Bəhramtəpə su qovşağının yaxınlığınadək təqribən 600 km məsafədə Ermənistan və Azərbaycanın Türkiyə və İranla dövlət sərhədini təşkil edir. Suyunun çoxluğuna görə Cənubi Qafqazda ikinci çaydır. 
 
Araz relyef və axım xüsusiyyətlərinə görə iki-dağlıq və ovalıq hissəyə ayrılır. Türkiyə ərazisində Araz tipik dağ çayıdır. Axuranın mənsəbi ilə Araz su qovşağı arasında Ararat düzənliyindən, Sədərək, Şərur, Böyükdüz və Naxçıvan düzlərinin cənubundan axır. Bu hissədən çayın sürəti nisbətən azalır. Burada Araza soldan Sevcur, Razdan, Arpaçay, Naxçıvan və s., sağdan Qarasu, Maku birləşir. 
 
Arazın böyük suvarma və hidroenerji əhəmiyyəti var. Suyundan səmərəli istifadə etmək məqsədi ilə çayın üzərindən Bəhramtəpə su qovşağı, Sovet-İran müqaviləsinə əsasən isə Araz su qovşağı və Mil-Muğan suköçürmə qovşağı tikilmişdir. Araz gəmiçiliyə yararsızdır. 
 
Tarix boyu Arazın aşağı axınında yatağı bir neçə dəfə dəyişmişdir. Son dəfə 1896-cı ildə Araz daşqın nəticəsində sahil bəndini uçurmuş, suyunun bir hissəsi Muğan düzündən keçərək Xəzər dənizinə axmışdır. Bununla əlaqədər, ərazidə bir neçə göl (Ağçala, Mahmudçala və s.) əmələ gəlmişdir. Sonralar bənd bərpa edilmiş və Arazın suyu əvvəlki yatağına qaytarılmışdır