Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Dağlıq Qarabağ münaqişəsi
23 May , 2016

1988-ci ilin fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladı. SSRİ Silahlı Qüvvələrinin Ermənistanda və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldu.

 SSRİ-nin dağılmasından sonra 1917-ci ilin fevralında çar hökumətinin süqutu nəticəsində yaranan tarixi şəraitə bənzər vəziyyət təkrar olundu. Sovet ordusu sıralarında qulluq edən erməni zabitləri və keçmiş sovet hərbi hissələri azərbaycanlılara qarşı birləşdilər və vahid cəbhədən hərbi əməliyyata başladılar. (Azərbaycan xalqına qarşı 1918-ci ilin martında törədilən soyqırımında olduğu kimi!). Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məskənlərinin işğalına başlandı.

 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Tələm-tələsik formalaşdırılmış könüllülərdən ibarət Azərbaycan dəstələrinin Daşaltı əməliyyatı uğursuz oldu. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər.

 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın müasir tarixində ən faciəli hadisə baş verdi. Erməni hərbi birləşmələri Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Bu, İkinci dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir dövrdə bəşəriyyətə qarşı törədilən ən kütləvi və ən dəhşətli soyqırımıdır.

 Ermənistan hərbi qüvvələrinin erməni separatçı-terrorçuları ilə birlikdə Azərbaycanın ərazi bütövlüyünə və onun xalqına qarşı apardığı bu müharibədə keçmiş Azərbaycan rəhbərliyinin öz xalqının deyil, Moskvanın mövqeyini müdafiə etməsi onu nüfuzdan saldı. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə, 1992-ci ilin martında respublikaya rəhbərlik edən Ayaz Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi.

 1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı ələ keçirdilər. Bununla da ermənilər Dağlıq Qarabağın, demək olar, bütün ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Bakıda hakimiyyət uğrunda çəkişmələrin kəskinləşməsindən istifadə edən ermənilər Laçını da tutdular. Daha sonra, 1993-cü ilin aprelində Kəlbəcər, elə həmin ilin iyul-oktyabr aylarında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal olundu.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu təsdiq etdi.

BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri hələ də yerinə yetirmirlər. 1994-cü ildə Bişkekdə atəşkəs sazişi imzalandı.