Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Mədəni irsimiz
7 Noyabr , 2018
Bakı xalçaçılıq məktəbi Abşeronun Novxanı, Nardaran, Bülbülə, Fatmai, Mərdəkan, Qala, Xilə, Suraxanı və digər kəndlərini, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil,Keş, Fındığan və s. xalçaçılıq məntəqələrini əhatə edir. Bakı xalçalarının əksəriyyəti toxunduğu kəndin adını daşıyır. 

Bakı xalçaçılıq məktəbinə “Xilə-buta”, “Xilə-əfşan”, “Novxanı”, “Suraxanı”, “Qala”, “Bakı”, “Goradil”, “Fatmai”, “Fındığan”, “Qədi” və s. çeşnilər məxsusdur. Bütövlükdə, öz texniki keyfiyyətlərinə görə Bakı xalçaları Quba və Şirvan xalçalarına oxşasa da, bədii cəhətdən onlardan nəzərə çarpacaq dərəcədə fərqlənir. 

Bakı məktəbinə aid xalçaların rəng koloritində ara sahənin yerliyi üçün, əsasən, tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir. Bu xalçalar daha yumşaq olması, rənglərinin intensivliyi, dekor elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. 
Məsələn, kataloqda yer alan “Xilə Əfşan” xalçasının rapportlarının naxışları bir neçə əlaqələndirici, tamamlayıcı, köməkçi elementin daxil olduğu spiralvari xətlərdən əmələ gəlmişdir.
“Əfşan” sözünün mənası “rəngarəng”, “səpilən”, “yayılan” deməkdir. “Əfşan” kompozisiyası yalnız Bakı, Quba, Şirvan xalçalarında deyil, eyni zamanda Təbriz xalçalarında da istifadə edilir. 

“Xilə-buta” xalçasının adı toxunduğu kəndin, Bakı şəhərinin şimal-şərqində yerləşən Xilə (indiki Əmircan) kəndinin adı iləbağlıdır. Bu xalçada Azərbaycan ornament sənətinin ən zəngin naxışlarından olan, geniş xalq kütlələrinin ən sevimli elementi – “buta” təsvir edilmişdir. Qədim zamanlarda buta motivi atəşpərəstlərin simvolik mənada istifadə edilən element idi. Bakı xalçaçılıq regionunda xovlu xalçalarla yanaşı, palaz, kilim, zili kimi xovsuz xalçalar, eləcə də məfrəş, xurcun, çul, heybə, çanta və s. xalça bməmulatları da toxunur.