Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Xəbərlər
10 Yanvar , 2019
Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində anadan olmuşdur. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981-1989-cu illərdə APİ-nin rektoru olub. 1990-1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır. Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvülyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə "Səməd Vurğunun "Vaqif pyesinin dili və üslubu" mövzusunda namizədlik, 1968-ci ildə isə "Müasir Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi "Azərbaycan onomastikası" (1986), "Azərbaycan onomalogiyası məsələləri" (1986), "Poetik onomastika" (1988), "Azərbaycan dilinin onomalogiyası" (1988) kimi sanballı monoqrafiyaları çap olunmuşdur. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Elmi yaradıcılığa "Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə" (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında "Dilçiliyin sistemi" (1976), "Dilçiliyin tarixi" (1976), "Müasir Azərbaycan ədəbi dili" (1967, 1985), "Bədii mətnin linqvistik təhlili" (1986), "Azərbaycan onomastikası" (1986), "Azərbaycan dilinin onomalogiyası" (1988), "Ümumi dilçilik", I-II cildlər (1989-1993), "Dünyanın dil ailələri" (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur. Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi "Müasir Azərbaycan ədəbi dili" kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib. 

Görkəmli alim Azərbaycan elmindəki rolu və nüfuzu sayəsində 1981-1983-cü illərdə APİ-də (ADPU-da) filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur. Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.