Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Elanlar
10 Yanvar , 2019

Qarabağlar abidələri bir kompleks şəklində olub, buraya türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqları daxildir. Bu kompleksə daxil olan qoşa minarələrin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikilməsi güman edilir. Bu iki minarəni bir-birinə bağlayan portal quruluşu isə XIV əsrə aid quruluşdur. Bu kiçik portalın üzərində Qoday xatunun adı oxunur. Qoday xatun ola bilsin ki, Abaqa xanın (1265-1282) arvadı olmuş Qoday xatundur. Ona görə belə mülahizə yürütmək olar ki, hələ XII-XIII əsrlərdə tikilmiş yeni binalar kompleksinin daxilində Qoday xatunun şərəfinə bu xatirə abidəsini yaratmağı qarşısına məqsəd qoymuş memar, o zaman bu portalı tikmişdir. Belə olduqda Qarabağlar türbəsinin Qoday xatunun xatirəsinə həsr edilməsi imkan daxilindədir.

Zəngəzur sıra dağlarının ətəyində, Qarabağlar kəndi yaxınlığında yerləşən ansamblın salamat qalmış tikililəri - baştağla birləşmiş minarələr və türbə - özünün mənzərəli görünüşü ilə silinməz təəssüratlar yaradır. Üslub və tikinti texnikası xüsusiyyətləri türbəni Əbu Səid Bahadur xanın hakimiyyət illərinə (1319-1335-cu illər), minarələri isə XII əsrə aid etməyə imkan verir.