Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Xəbərlər
8 Fevral , 2019

Dmitri İvanoviç Mendeleyev 1834-cü il fevral ayının 8-də ( bəzi mənbələrdə yanvar ayının 27-də) Rusiya Federasiyasının Tobolsk şəhərində anadan olmuşdur. 1841-ci ildə Tobolsk gimnaziyasına daxil olmuş, 1855-ci ildə Sankt-Peterburq İnstitutunun fizika-riyaziyyat fakültəsinin təbiət elmləri bölməsini qızıl medalla bitirmişdir.

1857-ci ildə Mendeleyev Peterburq Universitetinin dosenti, 1865-ci ildən isə professoru olmuşdur.

1859-1861-ci illərdə Fransa və Almaniyanın müxtəlif universitetlərində elmi təcrübələr keçmiş, 1859-cu ildə mayelərin sıxlığını müəyyən etməyə imkan verən cihazı-piknometri yaratmışdır.

1860-cı ildə mayelərin mütləq qaynama –kritik temperaturunu kəşf etmiş, 1863-cü ildə “Üzvi kimya” kitabı çapdan çıxmış və tezliklə Demidov mükafatına layiq görülmüşdür. 1864-cü ildə Peterburq Texnologiya İnstitutunun kimya professoru seçilmişdir.

Mendeleyev digər ali məktəblərdə də dərs demişdir. Böyük alim 70-ə yaxın akademiyanın və elmi cəmiyyətlərin üzvü olmuşdur.

1865-ci ildə “Spirtin su ilə birləşməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, elmi işində o, özünün məhlullar nəzəriyyəsinə dair təliminin əsaslarını işıqlandırmışdır. Elə həmin il “Kimyanın əsasları” klassik kitabını yazmağa başlamışdır. Bu kitab Mendeleyevin sağlığında Rusiyada 8 dəfə, 5 dəfə isə ingilis, alman və fransız dillərində çap olunmuşdur.

1869-cu ildə tərtib edilmiş Mendeleyevin dövri qanunu –kimya elminin əsas qanunlarından biri sayılır. Mendeleyevin sağlığında elementlərin sayı 63 idi. Onun ölümündən bir il sonra onların sayı 86-ya çatmışdır. 1955-ci ildə amerikalı fiziklər sintez yolu ilə əldə etdikləri elementə dahi alimin şərəfinə “mendelevium” adını vermişdilər.

Görkəmli alim müxtəlif illərdə “ I dərəcəli müqəddəs Vladimir”, “ II dərəcəli müqəddəs Vladimir”, “Müqəddəs Aleksandr Nevski”, “ I dərəcəli müqəddəs Anna”, “ II dərəcəli müqəddəs Anna”, “ I dərəcəli müqəddəs Stanislav”, “ Fəxri legion” ordenləri ilə təltif edilmişdir.

Dmitriy İvanoviç Mendeleyev 1907-ci il fevral ayının 2-də ( bəzi mənbələrdə yanvar ayının 20-də ) vəfat etmiş və Peterburq şəhərində dəfn olunmuşdur.

1984-cü ildə YUNESKO tərəfindən Dmitriy Mendeleyev bütün dövrlərin və xalqların ən böyük alimi elan olunmuşdur.

Dahi alimin xatirəsini əbədiləşdirmək məqsədilə Rusiyada və Rusiyadan kənar ölkələrdə muzeylərə, institutlara, küçələrə adı verilmiş, abidəsi ucaldılmış, poçt markalarında təsviri verilmişdir.

Alimin heykəltəraş, Əməkdar rəssam Elmira Hüseynova tərəfindən hazırlanmış heykəli Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının lojasında qoyulmuşdur.