Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Xəbərlər
10 Sentyabr , 2019

Mobil Salman oğlu Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncə şəhərində doğulub. Orta məktəbdə oxuduğu illərdə rəssamlığa göstərdiyi böyük həvəs, 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olması ilə nəticələnib. Bir il sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və görkəmli vokal ustası, professor Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq Dövlət Radio və Televiziyasının xorunda solist işləməyə başlayıb. Sentyabr ayında isə Musiqili Komediya Teatrına dəvət alıb. Burada işlədiyi 40 il ərzində 70-dən çox tamaşada müvəffəqiyyətlə çıxış edib. Teatrın əksər tamaşalarında ifa etdiyi əsas partiyalar aktyorun zəngin yaradıcılıq irsinə çevrilib.

Sərvər, Əsgər (“O olmasın, bu olsun”, “Arşın mal alan”, Ü. Hacıbəyli), Heydər bəy (“Xəsis”, M.F. Axundzadənin “Hacı Qara” komediyası əsasında. Bəstəkarlar R. Mustafayev və V. Adıgözəlov), Nadir (“Qızılaxtaranlar”, H. Seyidbəyli, T. Quliyev), Zəfər (“Özümüz bilərik”, Ş. Qurbanov, S. Ələsgərov), Bəxtiyar (“Ulduz”, S. Rəhman, S. Ələsgərov), Arzu, Yetim (“Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, Ş. Qurbanov, S. Ələsgərov), Ayaz (“Qayınana”, M. Şamxalov, Z. Bağırov), Alay (“Gözün aydın”, M. Əlizadə, F. Əmirov), Sahib (“Ləpələr”, Ə. Kürçaylı, A. Məlikov), Etibar (“Qızılgül”, M. Əlizadə, S. Hacıbəyov), Rəşid (“Hardasan, ay subalıq?”, S. Qədirzadə, S. Ələsgərov), Qiyas (“Beş manatlıq gəlin”, M.S. Ordubadi, S. Rüstəmov), Xəzər (“Məmmədəli kurorta gedir”, A. Zeynallı, T. Bakıxanov), Nemət (“Təzə gəlin”, S. Dağlı, C. Cahangirov), Çingiz (“Boşanaq, evlənərik”, Ə. Kürçaylı, V. Adıgözəlov), Murad (“Durna”, S. Rüstəm, S. Rüstəmov), Orxan (“Hicran”, S. Rəhman, E. Sabitoğlu) və yaratdığı başqa çoxsaylı obrazlar yaddaşlara həkk olunub.

Yüksək ifaçılıq qabiliyyətinə malik olan M. Əhmədovun 600-dən çox lent yazısı, 40 valı var.

Vokal ustası Mobil Əhmədov müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Uşaq Filarmoniyasında və 22 saylı uşaq musiqi məktəbində tələbə və şagirdlərə vokal sənətinin sirlərini aşılayıb. Sənət dostlarının yüzlərlə şarjını çəkib.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1978-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2000-ci ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.

Mobil Əhmədov 2006-cı il iyun ayının 2-də Bakıda vəfat edib və doğulduğu Gəncə şəhərində dəfn olunub.