Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Xəbərlər
8 Oktyabr , 2019

Azərbaycan yazıçısı, tanınmış nasir Hacızadə Əlibala Qüdrət oğlu 1935-ci il Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb, Əfqanıstanda mütərcimlik edib.

"Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə "Gəncliyin səsi" almanaxında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. Onun "İtkin gəlin" romanı əsasında 12 seriyalı ilk bədii televiziya filmi çəkilib.

Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdıra bilib.

Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır.

Yazıçı Respublika Prezidentinin fərdi təqaüdçüsü olub, İranın "Ölməz şəxsiyyətlər" mükafatına layiq görülüb, çoxillik elmi fəaliyyətinə görə AMEA Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib.

Əlibala Hacızadə 2009-cu il oktyabrın 8-də vəfat edib.