Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Xəbərlər
14 Oktyabr , 2019

Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 

1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.

Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilib. 

Məmməd Arazın əsərləri: Sevgi nəğməsi. Bakı: Azərnəşr,1959 Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, Araz axır. Bakı: Azərnəşr, 1964, Mən səni taparam. Bakı: Azərnəşr, 1963, Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, Ömür karvanı. Bakı: Azərnəşr, 1967, İllərdən bəri. Bakı: Gənclik, 1969, Qanadlı qayalar. Bakı: Azərnəşr,1973, Atamın kitabı. Bakı: Gənclik, 1974, Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, Oxucuya məktub. Bakı: Gənclik, 1978, Aylarım, illərim. Bakı: Yazıçı, 1979, Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983,Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986,Dünya düzəlmir. Bakı: "Azərbaycan" nəşriyyatı, 1992, Daş harayı.Bakı: Yazıçı,1993, Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994,Yol ayrıcında söhbət. Bakı: "Azərbaycan" nəşriyyatı, 1997.

Məmməd Araz Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına "Məmməd Araz" mükafatı təsis olunub (1993-cü ildən).

Məmməd Araz 2004-cü il dekabrın 1-də Bakıda vəfat edib və  Fəxri Xiyabanda dəfn olunub.