Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
21 Fevral , 2020
21 fevral 2020-ci il tarixində Nizami rayon MKS-nin Mərkəzi Kitabxanası 272 nömrəli tam orta məktəblə birlikdə 21 fevral- Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Ana Vətənimin anası dilim" adlı ədəbi -bədii, musiqili tədbir keçirdi.
Tədbirdə Nizami rayon MKS-nin direktoru S.Əliyeva çıxış edərək qeyd etdi ki, Ana dili adlandırdığımız bu dil, müqəddəs sərvətimiz, bizim qürur mənbəyimizdir. Prezident İlham Əliyev 2018-ci il noyabr ayının 1-də “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalamışdır. Fərmanda dövlətçiliyimizin bərpasından sonra doğma dilimizin inkişafı üçün yaradılan şərait belə təqdim edilir: “Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra ana dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır”.
Dil hər bir millətin, xalqın varlığı deməkdir. Hər bir dilin özəlliyi, özünəməxsus gözəlliyi var. Doğma Azərbaycan dili isə bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir.
Tədbirdə məktəbin şagirdləri Azərbaycanın şair və yazıçılarının ana dilinə həsr olunmuş şeirlərindən parçalar, milli geyimdə olan şagirdlər isə şifahi xalq ədəbiyyatının nümunələrindən olan bayatılar, atalar sözləri, laylalar söylədilər. Sonra azərbaycan dilinə həsr olunmuş mahnılar ifa etdilər..
M.Gəncəvi, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, M.F.Axundov, M.Şəhriyar, X.Natəvan, S.Vurğun, H.Cavid, C.Məmmədquluzadə, B.Vahabzadənin və başqa şairlərin ana dili haqqında şeirlərini məktəblilər xüsusi həvəslə söylədilər. Onların çıxışları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.
Tədbirdə həmçinin Ana dilinə həsr olunmuş video-çarx nümayiş olundu.
Foto Qalereya