Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Xəbərlər
16 İyun , 2020
Azərbaycan Respublikasının Xalq artisti Qərinə Kərimovanın doğum günüdür
Qərinə Kərimova 1964-cü il 16 iyun tarixində Bakıda anadan olub. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsini bitirib. 1986-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Bir çox beynəlxalq vokal müsabiqələrinin (Vokalçıların M.Qlinka adına müsabiqəsi, Musiqi ifaçılarının VII Zaqafqaziya müsabiqəsi, Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsi) qalib və laureatı olan Qərinə Kərimova Opera və Balet Teatrının repertuarında olan bir çox milli (Nigar — "Koroğlu", Sevil -"Sevil") və klassik (Aida — "Aida", Toska — "Toska", Çio-Çio-San — "Çio-Çio-San", Mikaella — "Karmen") opera tamaşalarında aparıcı partiyaları ifa edib.
2003-cü ildə Rusiya Dövlət Akademik Böyük Teatrı rəhbərliyinin dəvətilə Qərinə Kərimova həmin teatrın səhnəsində Puççininin "Toska" operasında Toska rolunda müvəffəqiyyətlə çıxış edib. Qərinə Kərimova geniş yaradıcılıq fəaliyyəti ilə yanaşı, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal fakültəsinin müəllimi vəzifəsində çalışır.Qərinə Kərimova son illərdə Azərbaycan incəsənət ustalarının nümayəndə heyətinin tərkibində bir çox xarici ölkələrdə — Türkiyə, Kipr, Fransa, Almaniya, Rusiya, Ukrayna, Avstriya və s. qastrol səfərlərində olub və milli vokal sənətimizi yüksək səviyyədə təmsil edib.Milli vokal sənətini dünya səhnələrində ləyaqətlə təmsil etdiyinə görə istedadlı vokalçı Azərbaycan Teatr Xadimləri ittifaqı tərəfindən "Qızıl dərviş" mükafatına layiq görülüb. 1998-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb. Əksər rəsmi dövlət tədbirləri və ziyafətlərdə çıxış edir.
30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb.
Qənirə Kərimova “Yoxlama” (2006-cı il) filmində də özünü kinoaktrisa kii sınayıb.